aynur

aynur

Wednesday, October 30, 2013

Müdrik qadın

Qadın çox vaxt vəd istər. Niyəmi? Sonradan “axı sən demişdin...”lə başlayan cümlələr qura bilmək üçün vəsait yığmaq üçün.
Söz ver ki, məni heç vaxt atmayacaqsan.
Söz ver ki, mənə heç vaxt xəyanət etməyəcəksən.
Söz ver ki, dostun və ya doğmanla mənim aramda seçim etməli olsan, məni seçəcəksən.
Söz ver ki, həmişə bir yatacağıq, bir yemək yeyəcəyik və məni öz anandan çox istəyəcəksən.
Söz ver ki, pis gündə də, yaxşı gündə də bir olacağıq.
Söz ver ki, mənim saçlarım çirkli olanda da, xəstələnib özümə fikir verməyəndə də, qaşlarım uzanıb eybəcərləşəndə də məni həmişə gözəl olaraq görəcəksən.
İnandırım sizi ki, hamısı boş söhbətlərdir. Düzdür kişi ilk görüşdə gözəllik axtarsa da, ona önəm versə də, (məlum məsələdir ki, baxmaq fikirləşməkdən daha asan olduğu üçün onlar birincini seçirlər) sonralar kişiyə ancaq bir şey lazım olur qadından: HÜZUR
Müdrik kişilərdən hesab etdiyim Konfutsinin dediyi kimi, qaranlıqda bütün qadınlar eynidir məsəlini nəzərə alsaq, anlayırıq ki, bütün kişilər eyni düşünür. Onlar üçün fərq etmir, sən keçən görüşə gələndə libasın necə idi, saçların, dırnaq və dodaq boyan bir-birinə uyğun idi ya yox və s.
Onlar üçün bir kriteriya var, gözəl görünürsən və ya gözəl görünmürsən.
Qarşı tərəf ən yaxşı halda bu sözləri verər, ama ilk fürsətdə hamısını unudar.
Hamısını yadda saxlamağa beyində yeri azdı çünki, əslində günah həmişə qadındadır. Hələ də, möcüzələrə inanır, kişinin nələrsə etməyə qadir olduğunu düşünür.
Tuta bilməyəcəyi vədləri verməyə niyə məcbur edirsiz axı. Hər bir yaradılmış yaxşı kişinin arxasında çox ağıllı və müdrik qadın durur.
O, kişidən vəd istəmir. O, özünə vəd verir.
Elə edəcəm ki, heç vaxt məni atmayacaq.
Elə edəcəm ki, heç vaxt xəyanət etməyəcək.
Elə edəcəm ki...arxasınca öz istəklərini düzər. İstədiklərini özü idarə edər, etdirər.
Nəticədə ideal kişi yaradılar. Bu keşməkeşli yolda Piqmalionun yaradılışında hər birimizə uğurlar!
Axı biz hər şeyin ən yaxşısına layiqik...

Tuesday, October 29, 2013

Kişi sözü

O vaxt Aleksandr Düma Azərbaycanı gəzib gedəndən sonra Qafqaz haqqında rəy bildrirərkən belə deyir:

"Qafqazda hər şey çox yaxşıdır. Amma diqqətimi çəkən yalnız bir şey oldu. Azərbaycan kişisinin verdiyi SÖZ notariusda təsdiq olunmuş beş peçata bərabərdir."

 Görəsən bu zamanda kişi sözünün dəyəri nə qədərdir? Kişi və ya söz kəlimələrinin ayrı ayrılıqda təhlil edəndə dəyər vahidi deyə bir şey tapa bilirikmi?.. O vaxt kişilər olube deyəndə, bir çönüb arxaya baxıb nümunə götürə bilirlərmi...


Yazıq kişi

Düşünün, əgər kişi dediyiniz kimi ağıllı olsaydı, niyə Həvva nənəmiz onu aldada bilib, o boyda cənnətdən qovdurur. Adəm babamız isə əsl kişi xislətinə uyğun olaraq elə ilk fürsətdəcə bütün günahları Həvva nənəmizə atır. Qadının ta qədim zamanlardan genetikasında aldatmaq var. Kişidə isə qorxaqlıq və məsuliyyətsizlik. Bir feminist olaraq kişiyə heç vaxt yazığım gəlməyib. Yəni insan olaraq heç vaxt kişiyə acımamışam, yalnız
aldadılanda, özü də yelbeyin qadın tərəfindən ən cılız şeylərdə aldadılanda yazığım gəlib. Başa düşürəm, qarşı cinsi aldadanda qadın özünü təsdiq olunmuş hiss edir. Özünü güclü hiss edir. Ama taxma dırnaq, taxma saçlar, taxma kirpiklərlə görüşə gedib, ondan "çox gözəlsən" kəliməsini oğurlayırsa, mən o zaman YAZIQ KİŞİ deyərək, səsli fikirləşirəm.


Üzlər gördüm

Yalnız Azərbaycanda direktor “sən mənim nökərimsən” demək üçün bu qədər iddialıdır.
Yalnız Azərbaycanda amoral şeylər bu qədər təkmilləşə bilib.
Yalnız Azərbaycanda ərə gedənlər ərə getməyənləri görəndə onlara MARİONUN sonuncu mərhələsini keçmiş əda ilə baxırlar.
Yalnız Azərbaycanda həkim “xəstənin diaqnozu nədir?” sualına “darıxma” deyə düşündürücü cavab verərək, müdrik sifət alar, fikrə gedər və sən günlərlə sual ilə cavab arasındakı məntiqi əlaqəni axtararsan.
Yalnız Azərbaycanda prezident seçkiləri üçün debata baxarkən valideyninlə birgə pornoqrafiyaya baxırmış kimi utana bilirsən.
Yalnız Azərbaycanda insan gülmək üçün səbəb axtarır.
Yalnız Azərbaycanda  yol polisi işini icra edərkən dilənçini, işdən sonra isə İsveç bankında hesabı olan birini xatırladır.
Yalnız Azərbaycanda səbəbsiz işə qəbul etmək və səbəbsiz işdən azad etmək imkanları var.
Yalnız Azərbaycanda nəzakət flört deyə qəbul olunur.
Yalnız Azərbaycanda iki fəsil yaşanır: yay və qış.
Yalnız Azərbaycanda qış gəldiyində insan köçəri quşlar kimi isti ölkələrə uçmaq istəyir və ya ayı kimi mağaraya girib bir də yayda oyanmaq istəyir.

P.S. Bu yazının yaranma tarixi rəfiqəm Sevinclə çatda söhbətim zamanı oldu. Hər zamankı kimi rəfiqəm dünyaya növbəti üsyanımı dinləyirdi. Dinlədikdən sonra onun təklifi ilə yazını bloqa yerləşdirmək qərarına gəldik, ancaq Sevincin sonda əlavəsi oldu:
 - Yalnız bizdə özlərinə qız tapa bilməyən oğlanlar SOCARda iş tapıb işləyə bilirlər. Görəsən bunu necə edirlər?
Mən:
 - Onların olan potensialı elə SOCARa qədərdir, ondan o yana gedə bilmirlər.