aynur

aynur

Wednesday, October 30, 2013

Müdrik qadın

Qadın çox vaxt vəd istər. Niyəmi? Sonradan “axı sən demişdin...”lə başlayan cümlələr qura bilmək üçün vəsait yığmaq üçün.
Söz ver ki, məni heç vaxt atmayacaqsan.
Söz ver ki, mənə heç vaxt xəyanət etməyəcəksən.
Söz ver ki, dostun və ya doğmanla mənim aramda seçim etməli olsan, məni seçəcəksən.
Söz ver ki, həmişə bir yatacağıq, bir yemək yeyəcəyik və məni öz anandan çox istəyəcəksən.
Söz ver ki, pis gündə də, yaxşı gündə də bir olacağıq.
Söz ver ki, mənim saçlarım çirkli olanda da, xəstələnib özümə fikir verməyəndə də, qaşlarım uzanıb eybəcərləşəndə də məni həmişə gözəl olaraq görəcəksən.
İnandırım sizi ki, hamısı boş söhbətlərdir. Düzdür kişi ilk görüşdə gözəllik axtarsa da, ona önəm versə də, (məlum məsələdir ki, baxmaq fikirləşməkdən daha asan olduğu üçün onlar birincini seçirlər) sonralar kişiyə ancaq bir şey lazım olur qadından: HÜZUR
Müdrik kişilərdən hesab etdiyim Konfutsinin dediyi kimi, qaranlıqda bütün qadınlar eynidir məsəlini nəzərə alsaq, anlayırıq ki, bütün kişilər eyni düşünür. Onlar üçün fərq etmir, sən keçən görüşə gələndə libasın necə idi, saçların, dırnaq və dodaq boyan bir-birinə uyğun idi ya yox və s.
Onlar üçün bir kriteriya var, gözəl görünürsən və ya gözəl görünmürsən.
Qarşı tərəf ən yaxşı halda bu sözləri verər, ama ilk fürsətdə hamısını unudar.
Hamısını yadda saxlamağa beyində yeri azdı çünki, əslində günah həmişə qadındadır. Hələ də, möcüzələrə inanır, kişinin nələrsə etməyə qadir olduğunu düşünür.
Tuta bilməyəcəyi vədləri verməyə niyə məcbur edirsiz axı. Hər bir yaradılmış yaxşı kişinin arxasında çox ağıllı və müdrik qadın durur.
O, kişidən vəd istəmir. O, özünə vəd verir.
Elə edəcəm ki, heç vaxt məni atmayacaq.
Elə edəcəm ki, heç vaxt xəyanət etməyəcək.
Elə edəcəm ki...arxasınca öz istəklərini düzər. İstədiklərini özü idarə edər, etdirər.
Nəticədə ideal kişi yaradılar. Bu keşməkeşli yolda Piqmalionun yaradılışında hər birimizə uğurlar!
Axı biz hər şeyin ən yaxşısına layiqik...

Tuesday, October 29, 2013

Kişi sözü

O vaxt Aleksandr Düma Azərbaycanı gəzib gedəndən sonra Qafqaz haqqında rəy bildrirərkən belə deyir:

"Qafqazda hər şey çox yaxşıdır. Amma diqqətimi çəkən yalnız bir şey oldu. Azərbaycan kişisinin verdiyi SÖZ notariusda təsdiq olunmuş beş peçata bərabərdir."

 Görəsən bu zamanda kişi sözünün dəyəri nə qədərdir? Kişi və ya söz kəlimələrinin ayrı ayrılıqda təhlil edəndə dəyər vahidi deyə bir şey tapa bilirikmi?.. O vaxt kişilər olube deyəndə, bir çönüb arxaya baxıb nümunə götürə bilirlərmi...


Yazıq kişi

Düşünün, əgər kişi dediyiniz kimi ağıllı olsaydı, niyə Həvva nənəmiz onu aldada bilib, o boyda cənnətdən qovdurur. Adəm babamız isə əsl kişi xislətinə uyğun olaraq elə ilk fürsətdəcə bütün günahları Həvva nənəmizə atır. Qadının ta qədim zamanlardan genetikasında aldatmaq var. Kişidə isə qorxaqlıq və məsuliyyətsizlik. Bir feminist olaraq kişiyə heç vaxt yazığım gəlməyib. Yəni insan olaraq heç vaxt kişiyə acımamışam, yalnız
aldadılanda, özü də yelbeyin qadın tərəfindən ən cılız şeylərdə aldadılanda yazığım gəlib. Başa düşürəm, qarşı cinsi aldadanda qadın özünü təsdiq olunmuş hiss edir. Özünü güclü hiss edir. Ama taxma dırnaq, taxma saçlar, taxma kirpiklərlə görüşə gedib, ondan "çox gözəlsən" kəliməsini oğurlayırsa, mən o zaman YAZIQ KİŞİ deyərək, səsli fikirləşirəm.


Üzlər gördüm

Yalnız Azərbaycanda direktor “sən mənim nökərimsən” demək üçün bu qədər iddialıdır.
Yalnız Azərbaycanda amoral şeylər bu qədər təkmilləşə bilib.
Yalnız Azərbaycanda ərə gedənlər ərə getməyənləri görəndə onlara MARİONUN sonuncu mərhələsini keçmiş əda ilə baxırlar.
Yalnız Azərbaycanda həkim “xəstənin diaqnozu nədir?” sualına “darıxma” deyə düşündürücü cavab verərək, müdrik sifət alar, fikrə gedər və sən günlərlə sual ilə cavab arasındakı məntiqi əlaqəni axtararsan.
Yalnız Azərbaycanda prezident seçkiləri üçün debata baxarkən valideyninlə birgə pornoqrafiyaya baxırmış kimi utana bilirsən.
Yalnız Azərbaycanda insan gülmək üçün səbəb axtarır.
Yalnız Azərbaycanda  yol polisi işini icra edərkən dilənçini, işdən sonra isə İsveç bankında hesabı olan birini xatırladır.
Yalnız Azərbaycanda səbəbsiz işə qəbul etmək və səbəbsiz işdən azad etmək imkanları var.
Yalnız Azərbaycanda nəzakət flört deyə qəbul olunur.
Yalnız Azərbaycanda iki fəsil yaşanır: yay və qış.
Yalnız Azərbaycanda qış gəldiyində insan köçəri quşlar kimi isti ölkələrə uçmaq istəyir və ya ayı kimi mağaraya girib bir də yayda oyanmaq istəyir.

P.S. Bu yazının yaranma tarixi rəfiqəm Sevinclə çatda söhbətim zamanı oldu. Hər zamankı kimi rəfiqəm dünyaya növbəti üsyanımı dinləyirdi. Dinlədikdən sonra onun təklifi ilə yazını bloqa yerləşdirmək qərarına gəldik, ancaq Sevincin sonda əlavəsi oldu:
 - Yalnız bizdə özlərinə qız tapa bilməyən oğlanlar SOCARda iş tapıb işləyə bilirlər. Görəsən bunu necə edirlər?
Mən:
 - Onların olan potensialı elə SOCARa qədərdir, ondan o yana gedə bilmirlər.


Monday, February 11, 2013

U Aynura bloq post

Uşaqlıqdan adətim var - elanları oxumaq. Yolda, maşında, metroda, divarda, bir sözlə, harda nə yazı görsəm, həmişə oxumuşam. İndi də var o adətim. Bu şəhər yazıdan ibarət olduğu üçün bütün günü, demək olar ki, oxumaqla məşğulam. Əvvəllər sadəcə oxumaqla kifayətləndiyim halda, sonralar yazı ilə məkan arasında əlaqə yaratmaq kimi parlaq fikirlər gəldi ağlıma. Əlaqəni tapa bilmədikdə məyus olsam da, əvəzində "fikirləşirəm" deyərək təsəlli tapırdım.
Məsələn bir dükan sahibi nə qədər ziddiyyətli biri olmalıdır ki, içkidən satdığı dükanına "KÜBAR" adı versin?
Bir də yazıların anormal yazılışları məni düşündürürdü, sıralamanı nəzərdə tuturam. Məsələn, "Turqut çay evi", "Ticarət Laçın Mərkəzi", "Kredit mebel evi", "Dönər Kardeşler" ("Qardaşlar" yazılsaydı, dünya tərsinə fırlanardı sanki), "Ramazan endirimləri" (Ramazan qurtaranı neçə ay olub), "Türk kişi ayaqqabı endirimləri", "payız-qış kolleksiyası" (o yazı yayda da olduğu yerdən asılı qalıb,  gözlərimizi "oxşayacaq" ), "Pakistan malları", "Kafe Şəki Piti", "zibilheyat.com", "İdeal kişi salonu", "mebel Dəniz mərkəzi", "Dostlar çay evi" (elə bil kişi üçün dostluğun göstəricisi ancaq çay evində yığışmaqdır), "Rafaello gül salonu" (gül ilə Rafaello arasında nə əlaqə var, hələ də fikirləşirəm), "VİP çay evi", "Natiq şirniyyat evi", "Kafe Murad Bilyard", "plastik kartların istehsalı kitay qiymətinə", "U Elçina kafe bar" (rus məntiqli latın yazısı).
Bir də ayıldım ki, hər günümü bu mənasız yazıları oxumaqla başa vururam. Hər gün bu yazıları oxuyaraq yaşadığımızın fərqinə vardım. Bu elanlara, adlara nəzarət edən yoxdurmu?
Elə kimin kefi nə istəsə pul verib, yazıb yapışdıra bilər? Ad ilə obyekt arasında məntiqi bağ olmalıdır axı. Hələ metrodakılardan danışmıram. Sadəcə bir vaqondakıları oxumaq kifayət edir ki, ölkədə nə qədər boş iş yeri və qədər tənha, yalqız gənclərin olduğunu biləsən
Biz yazmağı sevən amma heç vaxt oxumağı bacarmayan millətik, biz öz doğrularımıza, öz yazılarımıza ancaq özümüz inanan millətik!


Sunday, January 20, 2013

Endirim xəstəliyi

Mən alış-veriş etməyi çox sevirəm. Onda sözün əsl mənasında xoşbəxt oluram. Onun dadını, zövqünü heç nə ilə dəyişmərəm. Aldıqlarımın içində ən çox sevdiyim, bir az sevdiyim, ən çox güvəndiyim - hər paltarla geyə biləcəyim, çox sevdiyimdən az istifadə edib qoruduğum, həmişə əhvalımı yüksəldən və s. kimi sıralamalar etdiyim var. Nə qədər gülməli görünsə də.
Mənə görə geyim həyat tərzidir. Zövq məsələsidir və sənin haqqında çox şey deyir. Mənim kimi düşünən insanlara da həmişə hörmətlə yanaşmışam. Geyim xəstəliyindən əziyyət çəkdiyim üçün dükanlardakı endirimləri diqqətlə izləmişəm. Məlum, imkanlarla istəklər həmişə üst-üstə düşməyə bilir. Mən bu şəhərə gələnədək öz balaca şəhərimdə həmişə endirimlərdən istifadə etmişəm. Proses belə baş verirdi:
Endirim haqda məlumat alırdım, məkana gedirdim, mən günlü digər xanımlarla birgə seçimimi edib, ödəməmi həyata keçirib, XOŞBƏXT şəkildə evə qayıdırdım.
Eyni şeyin hər yerdə elə olduğunu düşünürdüm. Yanılmışam. Bu şəhərdə proses belədir:
Endirim haqda məlumat gəlir, məkana gedirsən, sənin kimi düşünən yüzlərlə xanımlar və kişilər tərəfindən məkanın zəbt edildiyini görüb hərəkət belə edə bilmədən BƏDBƏXT şəkildə evə qayıdırsan.
Və mən düşünməyə başladım. Bir qadının bir qadına bütün bunları yaşatmağa haqqı varmı? Bəs hanı bunların qadın həmrəyliyi? Əvvəllər bunları daha böyük şəhərdə geyimdən, alış-veriş etməkdən zövq alan qadının daha çox olması ilə əlaqələndirirdim. Sonra müşahidələrim bunun heç də belə olmadığını göstərdi.
Deməli, endirimdir, girirsən dükana baxırsan ki, qadın əlindən tərpənməyə yer yoxdur. Hərəkət iflic vəziyyətindədir. Hər qadının da yanında bir keçi, ən yaxşı halda da rəfiqəsi. Bu şəhərdə dəbdir, yaxşı qaqaş öz qızı ilə endirimləri bir-bir gəzməlidir. Adama deyərlər, elə yaxşı oğlansan niyə endirimi gözləyirsən? Yaxşı tutaq ki, gəlmisən niyə narazı sifət alıb dayanırsan və yer tutursan? Adamın sifetinə baxanda oxuyursan ki, o, öz-özünə deyir:- "İLAHİ NECƏDƏ AGILSIZDIRLAR!" Madam o qədər ağılsız bir iş hesab edirdin, gəlməzdin, yox əgər, gəlmisənsə, onda zəhmət çək faydalı ol və seçimdə kömək et. Oğul ona deyirəm ki, qadınla alış-veriş edərkən onu duya bilsin. Həm seçimində kömək edə bilsin, həm qadınına o dərəcədə sahib olsun ki, onun bədən ölçülərini, sevdiyi rəngləri əzbərə bilsin və ən əsası qadınının qarderobundan xəbərdar olub, maraqlı kombinasiyalar etməkdə ideya versin. Bu vaxtadək eləsinə barmaqla sayılacaq qədər az rast gəlmişəm. Əfsus. Əksəriyyəti gəldim, dükanda dekorasiya üçün yer tutdum, ən yaxşı halda da ağzımı əyərək ödəməni etdim deməklə kişinin vəzifə təlimatını bitmiş hesab edir.
Keçdik yelbeyin qızlara. Deməli, o qədər alış-verişə aludə olurlar ki, özləri olmaqdan çıxırlar. Əgər özləri deyə bir şey varsa. Bir də görürsən ki, geyinib-soyunma otağında yer olmur adam əlindən, qızın biri də elə dükanın ortasında geyinib eynində baxır. Eləsi var ki, eyni şeyin üç rənginin üçünü də alır və ya sadəcə "endirim" kəlməsini oxuyub dükana girib, heç ehtiyacı olmadığı şeyləri də alan olur. Təki desinlər ki, filankəsin filan markadan nəyisə var.
Almaq xətrinə aldım, ərə getmək xətrinə ərə getdim, tək qalmamaq xətrinə yanımda keçi də olsa, birini gəzdirdim - psixologiya bundan ibarətdir.


Sunday, December 16, 2012

Hələ onda



Hələ onda heç kəs bir-birini bu qədər incitməmişdi, hələ onda doğmalar xəyanət etməmiş, dostlar yarı yolda buraxmamışdı. Hələ göyün üzü daha aydın, günəş daha parlaq və isti idi. Hələ onda doğrular daha az yalana oxşayır, hələ yalan daha az incidirdi. Hələ onda insan daha az riyakar, mənfəətpərəst idi. Hələ onda qış daha az üşüdürdü. Hələ onda insan özü olmaqdan qaçmırdı, hələ onda limanlar sığınacaq deyildi. 

HƏLƏ ONDA DÜNYA GÖZƏL İDİ.