aynur

aynur

Sunday, December 16, 2012

Hələ onda



Hələ onda heç kəs bir-birini bu qədər incitməmişdi, hələ onda doğmalar xəyanət etməmiş, dostlar yarı yolda buraxmamışdı. Hələ göyün üzü daha aydın, günəş daha parlaq və isti idi. Hələ onda doğrular daha az yalana oxşayır, hələ yalan daha az incidirdi. Hələ onda insan daha az riyakar, mənfəətpərəst idi. Hələ onda qış daha az üşüdürdü. Hələ onda insan özü olmaqdan qaçmırdı, hələ onda limanlar sığınacaq deyildi. 

HƏLƏ ONDA DÜNYA GÖZƏL İDİ.


Thursday, December 13, 2012

Kimlər, kim, kimsiz

Nələri və kimləri itirdik?
Nələri və kimləri tapdıq?

Kimlərin yoxluğunda içimiz sızladı?
Kimlərsiz daha xoşbəxt olduq və dinclik tapdıq?
Kimlər olmadan da sərbəst qərarlar ala bildik?
Kimlər içimizdəki əminliyi, özunəinamı laxlatdı?
Kimlərə nifrət etdik, kimləri qınadıq?
Kimləri alqışladıq, həyatımıza gəlişinə sevinib bütün qapıları üzünə açdıq?
Kimləri öz "olmaz"larımızla tanış etdik?
Kimlərə heç o "olmaz"ları demədən "HƏR ŞEY OLAR" dedik?
Kimləri görəndə ağlımıza ilk olaraq Riya, Yalan, Nankorluq, Hiylə, Ağılsızlıq, Təkəbbür gəldi?
Kimlərin yanına daha çox qaçmağa çalışdıq?
Kimlərin yanında daha sakit, daha çox özümüz ola bildik?
Kimlərə kömək edə bildik?
Kimləri başa düşdük?
Kimlərin yanında olmağa, dayaq durmağa çalışdıq?
Kimlərin qərarlarını adil hesab etmədik?
Kimləri görəndə gözümüz doldu?
Kimlərdən üz çevirib göz yaşlarımızı gizlətdik?
Kimlər gedəndə sağollaşmaq şansını itirdik?
Kimlərin yanında gülüşümüzü tapdıq?
Kimlərlə daha xoşbəxt olduq?
Kimlərsiz daha rahat nəfəs ala bildik?
Kimin nəfəsi üçün daha çox darıxdıq?
Kimlərin məsləhətinə hey ehtiyac duyduq?
Kimləri daha çox incitdik?
Kimlərin yanında ola bilmədik, həmişə gecikdik?
Kimlərə toxunanda doğmalıq duyduq?
Kimlərin həyatımıza daxil olmasına sevindik, kimləri həyatımızdan birdəfəlik sildik?
Kimlər üçün daha çox və həmişə darıxdıq?
Kimləri heç bir dəfə də olsun yada salmadıq?

Kimin sözünü başqasından eşidəndə xatırladıq?
Kimi ən kiçik səhvinə görə ömürlük sildik, kimin böyük səhvlərini dönüb-dönüb bağışladıq?
Kimi görəndə uşaq kimi sevindik, kimə ağız büzdük?
Kimin üçün nəfəs almaqdan yorulmadıq?
Kimi hər addımımızda, qərarımızda yanımızda hiss etdik?
Kimlərə qarşı həmişə laqeyd olduq?
Kimlərin səbrini həmişə yoxladıq?
Kimləri incidərkən vicdan əzabı çəkmək, peşman olmaq yerinə heç utanmadıq, tam əksinə, etdiyimizdən zövq aldıq?
Kimin suallarını həmişə cavabsız qoyduq?
Kimlə üzləşməkdən həmişə qaçdıq?

Kimsiz HƏYAT arzuladıq?

Bu KİMLƏRİ tapmaq üçün uzun siyahı düzəltdim və o KİMLƏRİN yerinə adları düzdüm. Bəs sizin belə bir siyahınız varmı?