aynur

aynur

Sunday, January 20, 2013

Endirim xəstəliyi

Mən alış-veriş etməyi çox sevirəm. Onda sözün əsl mənasında xoşbəxt oluram. Onun dadını, zövqünü heç nə ilə dəyişmərəm. Aldıqlarımın içində ən çox sevdiyim, bir az sevdiyim, ən çox güvəndiyim - hər paltarla geyə biləcəyim, çox sevdiyimdən az istifadə edib qoruduğum, həmişə əhvalımı yüksəldən və s. kimi sıralamalar etdiyim var. Nə qədər gülməli görünsə də.
Mənə görə geyim həyat tərzidir. Zövq məsələsidir və sənin haqqında çox şey deyir. Mənim kimi düşünən insanlara da həmişə hörmətlə yanaşmışam. Geyim xəstəliyindən əziyyət çəkdiyim üçün dükanlardakı endirimləri diqqətlə izləmişəm. Məlum, imkanlarla istəklər həmişə üst-üstə düşməyə bilir. Mən bu şəhərə gələnədək öz balaca şəhərimdə həmişə endirimlərdən istifadə etmişəm. Proses belə baş verirdi:
Endirim haqda məlumat alırdım, məkana gedirdim, mən günlü digər xanımlarla birgə seçimimi edib, ödəməmi həyata keçirib, XOŞBƏXT şəkildə evə qayıdırdım.
Eyni şeyin hər yerdə elə olduğunu düşünürdüm. Yanılmışam. Bu şəhərdə proses belədir:
Endirim haqda məlumat gəlir, məkana gedirsən, sənin kimi düşünən yüzlərlə xanımlar və kişilər tərəfindən məkanın zəbt edildiyini görüb hərəkət belə edə bilmədən BƏDBƏXT şəkildə evə qayıdırsan.
Və mən düşünməyə başladım. Bir qadının bir qadına bütün bunları yaşatmağa haqqı varmı? Bəs hanı bunların qadın həmrəyliyi? Əvvəllər bunları daha böyük şəhərdə geyimdən, alış-veriş etməkdən zövq alan qadının daha çox olması ilə əlaqələndirirdim. Sonra müşahidələrim bunun heç də belə olmadığını göstərdi.
Deməli, endirimdir, girirsən dükana baxırsan ki, qadın əlindən tərpənməyə yer yoxdur. Hərəkət iflic vəziyyətindədir. Hər qadının da yanında bir keçi, ən yaxşı halda da rəfiqəsi. Bu şəhərdə dəbdir, yaxşı qaqaş öz qızı ilə endirimləri bir-bir gəzməlidir. Adama deyərlər, elə yaxşı oğlansan niyə endirimi gözləyirsən? Yaxşı tutaq ki, gəlmisən niyə narazı sifət alıb dayanırsan və yer tutursan? Adamın sifetinə baxanda oxuyursan ki, o, öz-özünə deyir:- "İLAHİ NECƏDƏ AGILSIZDIRLAR!" Madam o qədər ağılsız bir iş hesab edirdin, gəlməzdin, yox əgər, gəlmisənsə, onda zəhmət çək faydalı ol və seçimdə kömək et. Oğul ona deyirəm ki, qadınla alış-veriş edərkən onu duya bilsin. Həm seçimində kömək edə bilsin, həm qadınına o dərəcədə sahib olsun ki, onun bədən ölçülərini, sevdiyi rəngləri əzbərə bilsin və ən əsası qadınının qarderobundan xəbərdar olub, maraqlı kombinasiyalar etməkdə ideya versin. Bu vaxtadək eləsinə barmaqla sayılacaq qədər az rast gəlmişəm. Əfsus. Əksəriyyəti gəldim, dükanda dekorasiya üçün yer tutdum, ən yaxşı halda da ağzımı əyərək ödəməni etdim deməklə kişinin vəzifə təlimatını bitmiş hesab edir.
Keçdik yelbeyin qızlara. Deməli, o qədər alış-verişə aludə olurlar ki, özləri olmaqdan çıxırlar. Əgər özləri deyə bir şey varsa. Bir də görürsən ki, geyinib-soyunma otağında yer olmur adam əlindən, qızın biri də elə dükanın ortasında geyinib eynində baxır. Eləsi var ki, eyni şeyin üç rənginin üçünü də alır və ya sadəcə "endirim" kəlməsini oxuyub dükana girib, heç ehtiyacı olmadığı şeyləri də alan olur. Təki desinlər ki, filankəsin filan markadan nəyisə var.
Almaq xətrinə aldım, ərə getmək xətrinə ərə getdim, tək qalmamaq xətrinə yanımda keçi də olsa, birini gəzdirdim - psixologiya bundan ibarətdir.